Bəlkə də bunu gələn il yazmalıydım, bir il tələsdim.

Gəlib 24 yaşa çatdım.

Bu qədər zamanın çoxunu, özümü dərk edən vaxtdan bağçada, 11 illik məktəb həyatı, 4 illik lazımsız universitet, mənim daha 1 il vaxt itirməyimə səbəb olan həbi xidmətdə keçirtdim.

İndiyədək həmişə başlıca olaraq hər addımda ailəmi düşünmüşəm. Yəni, atdığım addım ailəmin xoşuna gəlməlidi, bəyənməlidi. Lakin başqalarına zərər verməmək şərti ilə.

***

Ailəmin mənə verdiyi tərbiyə isə, ayrı söhbətin mövzusudur. Qısaca, onu deyə bilərəm ki, həyatım boyu buna görə ancaq çətinlik yaşamışam. Yalan danışma, düzgün ol, pislik etmə və sair və ilaxır. Mənə çoxlu yalanlar danışıldı, pisliklər edildi, aldatıldım və buna bənzər şeylər. Əgər mən əclaf olsaydım, özüm hamıya qarşı bu əməlləri törətərdim və mənə qarşı belə edənlərin də hərəkətlərini əvvəlcədən hiss edə bilərdim. Məsəl var axı, hamı hamını özü kimi bilir. Mən də özüm kimi bildikcə, kiçik və ya orta, daha böyük zərbələr aldıqca əslində həyatın başqa cür olduğunu dərk etməyə başladım. Məncə, hələ də öyrənirəm. Kamilliyə yetişməmişəm hələ.

***

Bu 24 ildə ən çox heyfsləndiyim illəri 4+1 kimi xatırlayıram. Ali məktəb və hərbi xidmət. 4 il boş-boş universitetə görə vaxrım itdi. Sonradan anladım ki, təhsil almaq istəyən, bizim ölkədə ali məltəbə daxil olmasın gərək. Məqsədi diplom almaq olarlar üçün isə, hər şey əladır. Bizim təhsilimiz diplom verir, ali təhsil vermir. Gərək özün özünü yetişdirəsən. Əlbəttə, bu 4 ildə elm istisna olmaqla, başqa şeylər, zadlar öyrəndim. O baxımdan xeyri oldu, danmıram. Ancaq təhsil almaq barəsində bunu demək çətindir. ...Və qırmızı kitabçadan başqa heç bir xeyri dəyməyən hərbi xidmət. Guya onunla işə girmək rahatdı. Normal işlərə gormək üçün gərək 15-20 min pulun olsun, ilk əvvəl. O qırmızı kitabçanı sonra soruşurlar. Bundan əlavə, ölkəmizdə onlarla, yüzlərlə hərbi xidmət keçməyən, ancaq hamıya nümunə göstərilən şəxslər var. 1 ildə həyatın müxtəlif sifətlərinə agah oldum. Zabit, gizir, MAXE, əsgər... Hamısı azərbaycanlılar olub deyə, bütünlüklə bu zümrələrdən birini xüsusi vurğulamaq olmaz ki, bu dəstəyə aid adamlar yaxşı adamlar idi. Meşə çaqqalsız olmaz, bizim cəmiyyət də oğraşsız.

***

Ali məktəbdə oxuyanda ədəbiyyata gəlməyə addım atdım. Qapını açdım, girdim içəri, gördüm hamı yazır, oxucuları da şamla axtarırlar. Ona görə də, qapının tutacağını buraxmamış geriyə döndüm. Amma, əgər ürəyində yazmaq cərəyanı varsa, elektrik bir gün yenə özünü göstərəcək.

Ardı olacaq...

Məcid Həsənli

Davamını oxu