May 29, 2012
1918-ci ilin 28 Mayında Azərbaycanın şimalında Cümhuriyyət quruldu. M. Ə. Rəsulzadə və silahdaşlarının neçə illik zəhməti hesabına biz bunu bacardıq.
1920-ci ilin 28 Aprelində rusların Kommunist Partiyası Qızıl Ordularını Vətənimizə yeritdi və Azərbaycandakı əlaltılarının köməyilə hakimiyyəti ələ aldılar.
Və bu milli facebook solçularına gələk. Mən dünya sol nəzəriyyəsi haqda mübahisə etmək istəmirəm. Söhbət Azərbaycandan gedir. Demək bunlar hələ həmin müstəmləkə dövrünü tərifləyirlər.
Adam nə qədər qapazsevər olar ki, səni işğal edən, müstəmləkəyə çevirən bir şeyi yenidən istəyəsən. Adam söz tapmır. Bu qədər.
bu filmə (1986) baxmağı məsləhət görürəm.
[youtube http://www.youtube.com/watch?v=rSk0zTJrzd8]
Davamını oxu
May 19, 2012
Sabah Eurovision mahnı yarışının açılışı olacaq. Ancaq hələ də bütün biletlər satılmayıb.
Dövlətimiz bu müsabiqənin keçirilməsi üçün rekord məbləğdə - deyilənlərə görə 1 milyard manata yaxın pul xərcləyib. Hər şey öz qaydasındadı.
Bircə biletlər problem yaradır. Deməli, 26 Mayda olacaq müsabiqənin finalının biletləri tam satılıb. Lakin yarımfinalların biletlərindən satılmayanlar var.
Buna görə də biletləri məcburi satışa keçiblər. Xəbər saytlarında yazılanlara görə bələdiyyələrə, orta məktəblərə, universitetlərə müəyyən sayda biletlər verilib ki, mütləq alın bunu, dövlətimizin üzün ağ edin. Ayıbdı!
Mənim bu yazını yazmaqda məqsədim var.
Gəlin dövlətimizi üzüqara etməyək. Görün nə günə qalıblar ki, maaşlardan tutub bilet planın doldururlar.
Hərəmiz könüllü olaraq, ən azı bir bilet alaq. Nolar ki, nəyimizisə satıb 150 azn xeyriyyə məqsədilə verək getsin. Papağımızı qabağımıza qoyub yaxşı-yaxşı düşünək. Dövlət bizim üçün çox işlər görüb. Bu dəfə də biz dəstəyimizi əsirgəməyək.
Davamını oxu
May 11, 2012
Kukla çeşidləri çox olur. Çin malı var? Avropa istehsalı var. Məhşur markalar var, İran kuklaları var. Və nəhayət, bir də var milli – Azərbaycan istehsalı danışan ət kuklalar (bundan sonra DƏK). Bu qrup xanımları Seymur Baycanın CDİC-ləri (cəmiyyəti dəyişmək istəyən civilər) ilə səhv salmayın. CDİC-lər DƏK-ın dəyişib inkişaf edən formasıdı.
Demək, DƏK necə olur. Təsvir edək: “Papa”larının gül balaları olurlar, “papa”ları hiperqeyrətli olduqları üçün yubka geyinməzlər, əvəzinə dar sözünün r-ini uzun söyləyəcək ölçüdə şalvar geyərlər, oğlanlara nömrə verməzlər, “inbox”da yazarlar. Hələlik bu qədər bəsdi.
DƏK-ın öz beyni, öz sözü olmur. Danışan ət kukla qadın cinsinə mənsubdur, lakin insan deyil. Öz düşüncəsi, özünə məxsus fikri, şəxsi qərarı yoxdu. O yalnız idarə olunmağı sevir. Ailə həyatı qurmamış ata, qardaş, əmi oğlu, xala oğlu, bibi oğlu sözü ilə durub-oturur, sonra isə həyat yoldaşının. Onun özünə aid, təkcə, gözəl baxışları ola bilər. Onu da ki, Allah veribsə əgər. Bizim mentalitetimiz insanlarımızda elə düşüncə yaradıb ki, əgər qıza, qadına nəzarət olmasa, o mütləq əxlaqsız olacaq. Elə bil insan orqanizmindəki vərəm çöpü kimi. Hamıda var, lazımı anda baş qaldırır.
DƏK “bizdə də var” xatirinə ali məktəbin dəhlizlərində şəkillər çəkdirib, fotolardakı başlarını kəsib facebook-a yükləyə-yükləyə dörd ilini doldurub diplom alır. Nə var ki, “papa”sı hansısa məclisdə “mənim qızım diplomlu qızdı, “prosta” mən işdəməyə qoymuram” desin deyə.
DƏK dərs başlayandan, ta sonuna kimi evə getmir. Çünki, evdə elə saxlanılır ki, artıq onun üçün məktəb və ya ali məktəb “azadlıq adası”na çevrilir. DƏK özünü tanıyandan yalnız bir missiyası var - ərə getmək. Bu arzusuna daha asan, daha tez çatmaq istəyənlər bu yolda çox əzablar çəkir. Parklarda sinəsini qarakurtkalı qaqaşlara sipər edir, gecələr yorğanın altında ağlayır. Sonda, məqsədinə yetişir bi gün.
DƏK kitab oxumur. Hətta, kitabı lazımsız bir şey sayır. Çünki, kitab oxumaqdansa, pul qazanmaq qazanc gətirir onun fikrincə. Lakin, özünü intellectual göstərmək üçün səy göstərir.
DƏK seçkilərdə iştirak etmir, şəxsiyyət vəsiqəsini “papa”sı götürür, o da öz növbəsində ən layiqli namizədə səs verir. Deyilənlərə görə, bir millətin böyük olması üçün ən böyük vəzifə analarının üzərinə düşür. Övladlarının anası danışan ət kukla olan millətin böyük millət olma şansı var.
Sonda bu mahnını onlara həsr edirəm :)
[youtube http://www.youtube.com/watch?v=xN1J4x_UFXM]
Davamını oxu