⬇️

30/01/2010

MKM
Bu günlərdə Milli Kitab Mükafatının ( MKM ) 20-liyi – “uzun siyahı”sı ictimaiyyətə təqdim olundu. Məlum olduğu kimi bu 20-liyin dördü rus dilində yazılan əsərlərdir. Bu anda bir təkrarçılığa yol vermək istəyirəm. Diqqətlə oxuyun, Milli Kitab Mükafatı almağa ( Milli a… ) namizədliyi irəli sürülən əsərlərin dördü rus dilindədir. Yəqin təşkilatçılar hələ də Azərbaycan SSR-də yaşadıqlarını hiss eləyirlər. Ona görə də, rus dilinə də milli statusu veriblər. Nə isə … Bu başqa söhbətin mövzusudur.

Keçək qalan on altı nəfərə. Bizim yazıçı, yazar, bir sözlə, yazanlarımız digər sahələrdəki kimi öz yerlərini itirmək istəmirlər. Necə ki, on il bundan qabaq vəzifədə olan məmurlar indi də vəzifədədirlər, necə ki, on il qabaq müxalifətddə olan insanlarımız müxalifətdə qalmaqdadırlar, eləcə də, yazanlarımız da nəinki on il, hətta iyirmi il qabaqkı mövqelərini belə itirmək istəmirlər. 20-liyin ana dilində yazan müəlliflərinə nəzər saldıqda görürük ki, burada yeni imza azdır. Əksəriyyət elə “köhnə”lərdir. Özü də həmin “köhnə”lər, müsabiqədə elə “köhnə” əsərləri ilə də iştirak etmişlər. Burada müsabiqənin obyektivliyinə kölgə salmaq fikrim yoxdu. Sadəcə olaraq, demək istəyirəm ki, köhnə hamam, köhnə tas. Siyahıda daha bir diqqətçəkən məqam var. Yuxarıda qeyd etdiyim yazanların”köhnə” əsərləri yazıldıqları vaxt heç o qədər də ciddi uğur qazanmayıblar, müəlliflərinin müvəffəqiyyət ümidlərini doğrultmayıblar. Yəqin, elə ona görə də MKM-na üz tutublar. Amma dərindən düşündükdə onların ( yazanların – M. H. ) atdığı bu addımı anlaşılandır. Deyilən yüksək məbləği kim istəməz ki?

Pis – yaxşı, axır MKM-ın I mərhələsi başa çatdı. Qaldı II mərhələ. Mənim proqnozlarıma görə yerlərdən biri ( 2-ci və ya 3-cü yerə) rus dilində yazılan əsərlərdən hansınısa layiq görəcəklər. Qalan iki yer isə, yaşlı və cavan nəsil arasında bölünəcək. Görəsən, hansı tərəfin çəkisi daha ağır gələcək? Yaşayarıq, görərik!

Məcid Həsənli

kultpress.com  
30.01.2010

Post a Comment: