Axundovçuluq, yoxsa polis qorxusuyla mütaliə?
Məcid Həsənli |
"Hər bir fəlsəfi ideya öz dövrünün hakim fəlsəfəsi ilə mübarizəyə girir, zaman keçdikcə onun taxtına yiyələnir və yeni fəlsəfələrə qarşı mübarizəyə başlayır" - deyir. Hələ əlavə edir ki, guya indi Axundovun, Mirzə Cəlilin, Sabirin cəhalətə qarşı mübarizəsi öz dövrlərində aktual olub, indi kitab, qəzet çap olunur, teatr var.
“Kitabın əhəmiyyətini vurğulamaq bu qədərmi vacibdir, teatrın önəmini qabartmaq bu qədərmi önəmlidir, yəni insanlar bunu anlamırlarmı? Bu oxucunu axmaq yerinə qoymaq deyilmi? Hərçənd Mirzə Cəlilin dövründə də bunu anlayırdılar, “Ölülər”in tamaşalarından Mirzə Cəlil yaxşı pul qazanırdı.”
Dəfələrlə deyilib ki, ölkədə təxminən 15,000 kitab oxuyan adam var. Bu rəqəm ölkə əhalisinin neçə faizidir? Özünüz hesablayın. Elə sonuncu dəfə xalq yazıçısı Çingiz Abdullayevin dediyi göstəricilərə görə, bizdə – Mirzə Cəlilin, Sabirin xalqında - digər qafqaz ölkələrinin əhalilərindən daha az kitab oxunur. Bakıda neçə kitab mağazası var? Az olmasına səbəb kitab düşmənliyindən irəli gəlmir hər halda, satılmır deyə satmırlar. Bir şeyi də xatırlasaq pis olmaz. Keçən il idi, bir qrup gənc Fəvvarələr bağında kitab oxuma fləşmobu etmək arzusundaydılar, lakin polis gənclərə imkan vermədi. Deyilənə görə həmin vaxtdan kim o parkda kitab oxuyursa, polisdən çəkinə-çəkinə kitabı açır.
Deyilənə görə, Sovet dövründə kitablar ucuz olub. Amma indi ən ucuzu 3-4 manatdır. Malı mala qatmayaq, ancaq gəlin düşünək görək 93 manat maaş alan azərbaycanlı 3 manatı kitaba verər? Verməz.
İndi dəb düşüb hamı Türkiyəni lağ hədəfinə çevirib. O Türkiyə ki, ən çox satılan qəzeti 1,000,000 tirajla çıxır. Əhalinin çoxluğuna görə deyil. Azərbaycan əhalisi 9 milyon nəfərdir, Türkiyə isə 75 milyon. Təxminən 8 dəfə azıq. 1 milyonu da 8-ə böləndə 125,000 edir. Deməli, ən çox oxunan qəzetimiz bu tirajla çap olunmalıdır. Fakt isə, 8,000 deyir.
Teatra gedək. Gedək deyirlər, lakin heç kim gedmir. Əziz Tural bəy, sizin qohumlardan hansı axrıncı dəfə hər hanıs teatra gedib? Gedibsə nə gözəl.
Və sonda cəhalət barədə. Bir-iki gün əvvəl facebook-da “Qadınlar alımi” adlı səhifədə elə həngamə gördüm ki, bloqumda bu haqda yazı yazmağı beynimə qoydum. Nə baş vermişdi: kimsə “Allah” adlı satirik səhifə yaradıb özü üçün yazıb-pozur orda. Bizim bu qadın səfihəsi də həmin kafir səhifəni piştaxtaya çıxarıb üstünə də yazıb ki, hamı şikayət eləsin. Şərhlərdə elə bir qırğın varıydı ki, gəl görəsən. Elə bil virtual Kərbəla faciəsi effekti yaradırdılar. Hamı “Allah”ı yaradanı kafir, əclaf və ağzıma və ya qələmimə almağa utandığım söyüşlərlə təhqir edirlər. Özü də hamı dindar, əxlaqlı, namuslu Azərbaycan qızlarıdır. Elə bu vədələrdə mənim dostlarımdan da kimsə ora yazdı və öz ana səhifəmdə görüb söhbətə qarışdım. Onlara izah eləməyə çalışdım ki, o boyda Allaha bir facebook səhifəsi heç nə edə bilməz, cahillik etməyin, kitab, qəzet oxuyun, peyğəmbər deyib ki, alimin mürəkkəbi qırx illik ibadətə bərabərdir və s. Cavab özünü çox gözlətmədi. Nigar, Həcər qeyrətli, əxlaqlı, namuslu bacılarımız məni elə söyüb-batırdılar ki, özüm xəcalət çəkdim. Hələ o “adminka”nın “inboksa nömrəni yazmayan bunnandı” yazmağın demirəm. Şərhləri oxuduqca insan dəhşətə gəlirdi. Hələ bunlar qızdırlar, gör bunların oğlan – kişi versiyaları necədirlər. Hamı bir ağızdan yazırdı ki, o səhifənin yaradanı öldürmək lazımdı, mənim Allahıma söz deyib, onu cıraram. Bu ifadələrlə bir-birilərinə dəstək verə-verə arada məni və başqa bir neçə “kafir”i də söyürdülər. Sonda bizi “blokladılar”.
Bizim xalqın libası dəyişib, beynimiz isə dəyişməyib. Mirzə Cəlilin dövründəki kişilər və qadınlar hərə öz paltarını atıb, əvəzinə dar şalvar geyiniblər.
Biz hələ tirajı 8 mindən 125 minə qaldıraq, sonra “Axundovçuluğ”u bitirərik.
Biz hələ Milli Kitab Mükafatı reperə yox, yazıçıya verək, sonra Nobel alarıq.
Biz hələ Kino Akademiyasını tikməyə yer verək, sonra Kann festivalı nədi, Oskara gedərik.
Məcid Həsənli
Kultura.Az
http://www.kultura.az/news/20121218023500219
Post a Comment: