⬇️

12/03/2015


(Hekayə)

Səhər saat 7 olardı. Telefonun zırıltısına oyandım. Zəng edən S. idi. Səsi çox pis idi, bu yaxşı xəbər vəd etmirdi. Səsindən bilinirdi:

- M., bilirsən nolub, C. ölüb.
- Yaxşı da, imkan ver yatağ.
- Anam canı düz dirəm. Döyüb öldürüblər.

Pafoslu çıxsa da, o vaxtı bu zəngdən sonra dünya gözümdə qaralmışdı. Axı biz üç ay əvvəl toy-bayramla onu əsgərliyə yola salmışdıq. İşə bax, dostum hərbi xidmətdə ölüb. İlk ağlıma gələn: ermənilər vurub, yəqin. Qəsəbəmizdə daha bir şəhid artdı. Yox, S. dedi döyüb öldürüblər. Düşmən niyə döysün axı? Elə uzaqdan atəş açıb öldürərdi də. Əşşi yox e, mən nə axmaqlayıram. Yəni özümüzünkülər öldürüb? Döysələr də, öldürməzlər, yox. Ola bilməz. Mümkün deyil. O dəhşətli xəbəri eşidəndən sonrakı düşüncələrim belə idi. Ta ki, hər şey bəlli olanadək.


Bir azdan artıq C.-gilin darvazasının qabağındaydım. Camaat yavaş-yavaş artırdı. İçəridən ağlayan qadınların səsləri eşidilirdi. Pis səslər idi. Adamın ürəyini qopartırdı yerindən. Həyətdəki kişilər nəyisə qızğın müzakirə edirdilər. Onlara tərəf yaxınlaşıb söhbətdən xəbərdar olmaq istədim. Yaxınlaşdıqca hər sözü aydın eşidirdim. Kimsə “Bunlarda heç Allah qorxusu yoxdurmu? Niyə camaatın balalarını öldürürlər?” - dedi. Elektrik dirəyinin yanında duran bir qoca kişi əsəbə halda “Tiranlar Tanrıdan qorxmazlar” - söylədi. Deyilənə görə, Tanrı günahkarları qırx ildən çox cəzasız saxlamaz. Ömrümüz çatan qədər gözləyək.
Həyətdə qurulan mağarda camaat oturuşurdu. S. məni görüb yanıma gəldi. Mən hələ də nə baş verdiyini anlamırdım. Necə ola bilər ki, adamın yaxın dostu ölsün? Necə olub ki, Vətəni qorumağa gedib vətəndaş tərəfindən öldürülsün? Vətən ona da bir DAŞ qoydurdu.

S. çox qəmli halda:
- Gəl köməy elə.
- Haçan ölüb? Nətər baş verib?
- Bilmirəm. Dünən hospitala gətiriblər, həkimlər heç nə eliyə bilmiyib. Ordan da səhərə yaxın evə gətiriblər meyiti.
- Bilmirəm nədi? Kim vurub? Niyə vurub?
- Dəqiq bilinmir. Saat 1-də kişilərçün süfrə veriləcəy, 2-də də arvaddarçün.
- Gedəy.
- Meyiti gördüm içəri keçəndə, elə bil Xocalıdan gəlib. – Udqundu. - Başına nəynəsə vurublar, dağılıb, bədəni bütün qıpqırmızıdı. Deyirlər yekələrin uşağlarınnan biri ilişib buna, prinsipə düşüb, axrı da belə qutarıb.
- Çox yekədi?
- Deyəsən. Komandirrər zad da gəlib. Hamsı deyir intihardı. Deyirlər biz hospitala aparmasaydıq bəlkə lap tez ölərdi. Çox oğraş adamdılar.

***

Siz C.ni tanımırdınız. O, hamıdan fərqlənirdi. Şuluqluq etməyən, sakit, öz dünyasında yaşayan uşaq idi. Bizdən iki sinif yuxarı oxuyurdu. Dərslərini həmişə əla oxuyardı. Nəğmədən filan bir az axsayardı. Bizə məktəbdə onu nümunəvi şagird kimi göstərirdilər. Siniflərində ondan başqa bütün oğlanlar gələcəyin dələduzu olaraq yetişirdilər. Məktəbin “dvijeniya”sına baxan şagirdlərdən nə gözləyəsən? 11-ci sinfi bitirəndən sonra, onlardan bir-ikisi pul, tanışlıq vasitəsilə idman akademiyasına daxil oldular. C. isə neçə illik zəhmətinə qarşılıq olaraq Qafqaz Universitetinə daxil oldu. Yüksək bal yığdığına görə pulsuz təhsil alırdı. Onun gələcək planları çox idi, həm də şaxələndirmişdi. Ordan ora gedəcəkdi, ordan o yana keçəcəkdi. Gələcəyin diplomatı olmalı idi. İndi yəqin C.-ni öldürən “yekə”nin oğlu yaxın zamanlarda dövlət məmuru olacaq. Bu zavallı da cənnətlə cəhənnəmin qapılarının arasında həmin “yekə” şərəfsizi gözləyir. Başqa əlindən nə gəlir ki. Hətta, qanun da “yekə”lərə tərəfdi axı.

***
Artıq 1-ə az qalırdı. Darvazanın ağzı adamla dolub-daşırdı. Elə bil hamı baş sağlığı verməyə tələsirdi ki, gedib evdəki oğlunun taleyi barədə düşünsün. Hərbi hissədən gələn zabitlər bayaqdan özlərinə yer edib oturmuşdu. C.-nin anası hər dəfə o tərəfə, bu tərəfə keçəndə yaş gözləri ilə dəhşətli nəzərini onlara tərəf zilləyirdi. Allah bilir ürəyində nə qarğışlar edirdi. Həm oğlunu əlindən alıblar, həm də tək övladını. Allah bu yaşdan sonra hələ heç kimə övlad vermir, bəlkə təsadüf adamlara qismət edər. Qisməti də bir dəfə vermişdi. C. çox gec doğulan, uzun illər uşaq həsrətində olan valideynlərin oğluydu. D. dayı və X. xala çox pirləri, övliyaları gəzib rüşvətlər paylamışdı ki, Allahın yanında hörmətiniz çoxdur, xahiş edin ki, bizə də övlad payı ayırsın. Allah verdiyini, bəndə alıb geriyə qaytardı.

D. dayı gördü ki, camaat yas süfrəsinə oturmaq istəmir. Yerli adəti bilirdi. Bilirdi ki, camaat cavan ölənin ehsanını yeyən deyil. Başladı and-aman eləməyə ki, vallah billah özüm də yeyəcəyəm. Gəlin, keçin oturun. Sonra mağara tərəf yeridi. Mollanın yerini tutduğunu görüb, keçdi oturdu masanın aşağı başında.

- Camaat, bax gördüz, mən də oturdum. A bala, ver görüm kasanı. – Bozbaş dolu kasanı qabağına çəkdi. - Hə, Ya Allah, Məhəmməd, Əli.

Çörəyi doğrayanda qırışlı yanaqları ilə axan göz yaşları kasaya damcıladı. Həqiqətən ürək parçalayan mənzərə idi. D. dayı yeməyinə göz yaşlarını qataraq yeyirdi. Camaata da elə bu lazım idi. Hamı oturdu bəh-bəhlə yeməyi dağıtmağa. D. dayı yas olacağını bilən kimi ölüsü haqda düşünməyə vaxt tapmadan İ. adlı bir adamdan dana, qoyun almışdı o saat.
Mən yeməkləri daşıdıqca uşaqların söhbətinə də qulaq asırdım. Deyirdilər ki, bir yol tapıb əsgərliyə getməməliyik. Erməni vurmasa da, özümüzünkilər bizi sağ buraxmayacaq.

Molla duaları oxuduqca, ara-ara mənasız söhbətlər də edirdi. Hələ “yuxarılara” etdiyi mədhləri, tərifləri də ki, lap kəllə çarxa çıxmışdı. Bayaqdan küçədə dövləti, hökuməti, hakimiyyəti yıxıb-sürüyən insan dəstəsi də mollaya dəstək verirdi. Adam inana bilmirdi ki, insanlar bu qədər tez dəyişilə bilər. İki-üç günahkar zabitin yanında özlərini elə aparırdılar ki, guya ölən komandirin oğludu, bunlar üzrxahlığa gəliblər. D. dayı bu vəziyyətə çox dözə bilmədi. Oğlu kimi sakit təbiətli olduğuna görə sakitcə çıxdı bayıra. Başqası olsaydı, mollanı da, camaatı da söyüb qovardı. Kişi bayıra çıxan kimi bir balacaboy jurnalist qız, əlindəki mikrafonu D. dayıya uzatdı ki, sizdən şəhid atası kimi fikirlərinizi öyrənmək istəyirik. “Şəhid atası” qızın təklifinə qeyd-şərtsiz razı oldu. D. dayı mətanətlə dayanmaq istəsə də alınmırdı. Bəli, əyilmişdi artıq.

- Əsgərlikdə olan işdir... Allah rəhmət eləsin! İşdi də olub... Allahın işidi... Qismət beləymiş. Qismətdən qaçmaq olmaz.
- Çox sağ olun, dayı, – deyib, jurnalist aralandı.
Arxadan kimsə D. dayının çiyninə əli ilə toxundu. Çevriləndə gördü ki, C.-nin komandiridi.
- Kişi, qulaq asdım sənə. Halal olsun! – Pıçıltı ilə deyərək əlavə etdi: - Yasın bütün xərci bizlikdi, narahat olma. Vaxtın olanda mənə zəng elə, şəhərdə iki otaqlı ev hazırdı, yası yola verib köçərsiz burdan.
- Mən ölənəcən burda qalacam...
- Hə, yaxşı kirə eliyərsiz...
- Mən qanlı evdə yaşaya bilmərəm.

***

Bu məmləkətdə yaşamaq artıq müşkülə dönüb. Əsgər gedirsən ki, düşməndən qorunasan, gözləmədiyin düşmən səni zərərsizləşdirir. Haqq-ədalət deyilən şeylər çoxdan qaçıb buralardan. Neynək, başımıza nə çarə qılaq? Allah köməyimiz olsun. Onsuz da başqa dayağımız yoxdur.
C. bir ilə yaxındı aramızda deyil. Dostlarla böyük dostumuzu yad eləmək üçün qəbrini ziyarətə gəlmişdik. Yenə bir yerdəydik. Lakin ən ağıllı dostumuz torpağın altındaydı. Birdən ildırım çaxdı, güclü yağış başladı. Uşaqlar qaçıb maşına mindilər. Mən getmədim. Çünki C. məni heç vaxt atmamışdı. Ən çətin zamanlarımda da yardım etmişdi. Onu yağışın altında tək qoya bilməzdim.

2013

Post a Comment: