Bir cavanın dəftəri
Məcid Həsənli yazır:
Uşaq vaxtı çox dərin arzularım var idi. Bütöv Azərbaycan quracaqdım. Həmişə belə arzular edib, sonda öz-özümə “İnşallah!” deyərdim. Hətta, məktəbdə oxuyanda qızların xatirə dəftərində ən böyük arzum kimi “İran şahı olmaq” yazardım. İran deyəndə ki, Şah İsmayılın tutduğu əraziləri nəzərdə tuturdum. Öz xəyalımda mən bu əraziləri geri qaytarıb paytaxtı Təbriz olan Böyük Azərbaycan quracaqdım.
Amma… Mən böyüdüm. Üzüm üzlər gördü, həyatın sıx yerlərindən keçməli oldum. Başa düşdüm ki, mən nəinki Böyük Azərbaycan, heç öz həyətimizi böyütə bilmərəm. Çünki, aidiyyatı qurumlar rüşvət istəyəcəklər.
“Adət-ənənələr – cəmiyyətin keçmişə yönəldilmiş qayda-qanunlarıdır. Bəzən onlar ədalətli olur, bəzən isə, o qədər də yox və gələcəyə qətiyyən uyğun gəlmir. Lakin uluların təcrübəsindən çıxmış, çoxusu ağır sınaqlardan əldə edilib həyatda mövcudluğa haqqı çatdığını sübut etmiş bu qayda-qanunlar insanları təkrar-təkrar onlara müraciət etməyə məcbur edir, zəmanənin üzərində hakim olurlar”
Ali məktəbi bitirib, hərbi xidmətə gedib-gəldim. Çox planlar qurmuşdum. Deyir sən saydığını say, gör sənin saydığın arzularını ödəyir? İş axtardım, bir-iki yerdə işlədim. Az və minnətli maaşla. Hələ bir dəfə müdir dedi ki, mənə sənin kimi hər şeyi qaydasında görmək istəyən işçi lazım deyil, elə bir adam istəyirəm ki, hər tərəfə çapa bilim.
Bəxtimdən az keçmədi ki, çərxi-fələk döndü Rusiyaya qarşı və hər şey baş-ayaq oldu. Bizim ölkə də Rusiyanın ətəyindən yapışıb deyə biz də, kəllə-paça olduq. Hara üz tutdumsa, dedilər ixtisar gedir, pulumuz yoxdur. İşləyə biləcəyimə ümidim olan yerlər də bağlandı. İşsiz qaldım.
Gözəl yurdum da ki, öz kefindədi. Maaşdan, təqaüddən tutub avropalı olmaq oyunları keçirir, düşünmür ki, bir az pul qalıb, belə getsə, qalan iş yerləri də bağlanacaq. Xalqın halı nə olacaq? Nə olur, olsun. Əsas odu özümüzü dünyaya tanıtaq. Alatavanı da hündür divarlarla gizlədək ki, xaricilər görməsin, utanmayaq.
Bircə ümidimiz müxalifətə var idi, onları da itirdik. İlbəil əqidələrini satıb, əvəzinə obyekt açdılar. İndiyə qalan sonuncu samuraylardı ki, xalq da əlini çəkib onlardan ki, bunlar da bir gün satıla bilər. Sonuncular da, harda xalqın, millətin əleyhinə olan adamlar var, onları yığıb başına ki, mitinqə gələn olsun. Müxalifəti öldürməmək xatirinə, xarici “ağa”ların idarə etdiyi adamları “vicdan” məhbusu elan ediblər.
Ona görə də, hal-hazırda hərə öz başını saxlayır. Kimin haradan imkanı çatırsa, dövlətdən nəsə qapazlayıb qabağa düşmək istəyir. Böyük məmurlar böyük sərvətləri oğurlayır, kiçiklər də katdası olduğu kənddə yerin altındakı “turba”ları çıxarıb satır, torpaq sahələrini mənimsəyir.
Belə bir zamanda müasir Azərbaycan gənci hansı çıxış yoluna tərəf gedməlidir? Ya adət-ənənələrə uyğun yaltaqlıq, əclaflıq edib yaşamalıdır, hansı ki, elə xalqımız bu keyfiyyətləri fərasət sayır, bu tip adamlara “zəmanə adamı” deyir. Ya da çox savadı varsa, xaricə gedib, orada iş, həyat qurmalıdır. Vay o günə ki, həm düz adamsan, həm də çox dərin savadın, biliyin olmasın. Gəl bu əclaflıqların içində həyat keçir, yaşa dol. Sonra da deyirlər niyə gənclərin saçı tez ağarır.
Yuxarıda işsizlik problemimi də qeyd etdim, nəticə olaraq, mən iş tapdığımı yazmalıydım bəlkə, ancaq hələ də işsizəm. Heç inanmıram da, bu gedişlə Bütöv Azərbaycan quraq. Qorxuram elə yarımçıq Azərbaycanı da bölüb parçalasınlar, bunu da itirək.
Post a Comment: