⬇️

21/03/2016

şəkil: telegraph.co.uk
şəkil: telegraph.co.uk
Oxumadan əvvəl bu mahnını play edin:



Azərbaycanda Tvitter (Twitter) istifadəçilərinin dəqiq sayı haqda məlumatım yoxdur. Ya da ki, belə bir məlumat olsaydı, bilərdim. Ancaq fakt budur ki, bütün günü Avropanı söyən (bir və bir neçə nəfər tərəfindən idarə olunan) hesablarla birlikdə gündəlik aktiv istifadəçi sayı 100-ü keçmir.

Hələlik əlimizdə olan rəqəm Azərbaycan Tvitter istifadəçilərini bir araya toplayan aztwi.com saytının yazdığıdır. Deyilənə görə, sayt HajizadeGroup şirkətinin media layihələrindən biridir. 

Şirkətin saytında "Media layihələrimiz" bölümündə belə yazılıb: "2013 — cü ilin may ayında «İnternet resurslarımızın genişləndirilməsi strateqiyası» çərçivəsində Twitter-in Azərbaycan seqmentində monitorinq aparan, reytinqi və qaynar mövzuları təyin edən www.aztwi.com saytı şirkətimizin tərkibinə qatıldı."

Maraqlısı budur ki, aztwi.com saytında "Twitter-in Azərbaycan seqmentində" olan istifadəçi sayı "CƏMİ: 6337" göstərilsə də, @aztwi hesabını 129,117 hesab izləyir (follower). Belə çıxır ki, ya hesab, ya da sayt AzTv kimidir.

Hələ mən bəzi azərbaycanlı tanınmışların izləyicilərini demirəm. Çünki, deməyə heç bir faktım yoxdur. Baxırsan izləyici sayına, 10 mindən çox, həm də azərbaycanlı adı ilə açılan hesablar. Ancaq fake (saxta). Deməli, kimsə fake hesab satışı ilə məşğuldur.

Bir çox azərbaycanlı Tvitterdə hesab açır, sonra bir daha bu mikro bloq xidmətindən istifadə etmir. Ona görə ki, ona maraqsız görünür. Orta statistik azərbaycanlı düşünüb yazmaq əvəzinə instagram-da şəkil paylaşmağı daha üstün tutur. Hər halda, xalq olaraq, yazıb-oxumaq vərdişimiz olsaydı, ölkədə kitab oxuma səviyyəsi bu qədər aşağı olmazdı.


Tvitterə yeni gələnlər üçün yol bələdçisi

İndi də keçək insan resurslarına. Tvitterdə yeni qeydiyyatdan keçmisinizsə, onda heç narahat olmayın, müşahidələrimə əsasən, mən sizə bu yolda bələdçilik edərəm.

İlk iş cinsinizdən asılı olmayaraq, yenisinizsə, qabağınıza çıxan tviti ağına-bozuna baxmadan like edin. Beləcə, insanların beyninə yeriyək ki, belə bir adam da varmış. Yaxşı bəyənsəniz, bəzilərinin yuxusuna da girəcəksiniz.

Əvvəlcə qızlar

Əgər qəşəngsənsə, öz şəklini profil şəklinə qoy. Deyilsənsə, bu səhvi etmə. Onda hamıya maraqlı qalacaq. Sonra ilk izlədiyin oğlan sənə "podxod" etmək istəyəcək və bu anda onun çevrəsindəki qaqaşlar da səni tanıyacaq. Beləcə, şəbəkə şəklində izləmə sayın yüksələcək. Əgər partlayış etmək istəsən, bir-iki +18 tvit yazın, sürətli RT-lər sayəsində məşhur olacaqsan. Hətta, ola bilər ki, bu tvitin facebook-da paylaşılsın. Nəticədə, bir müddətlik pp (profile pic) və adını dəyişməli olacaqsan. 

İlk günlər hər gələn cavaba cavab yaz, bir az keçsin özünü fenomen hiss edib seçim edəcəksən. Bundan sonra, sənə aid tvitlər yazacaqlar. Məsələn, "bir yeri qalxdı" kimi.

Bir neçə həftədən sonra isə, digər "bacı"lardan görüşmə təklifi alacaqsan. Görüşəndə mövzu kimin kimə "podxod" etdiyi barədə söhbətlər olacaq.

Oğlanlara gəldikdəysə

Deməli, sən nə edəcəksən... Tələsib ancaq qızları izləmə. Bəzən qızlar adamı saya salmır, oğlanlarla söhbətləşirsən. Qızların hər tvitinə də "paz" olma. İncə-incə fikir bildir. Sonra qızların "Tarqovu"da görüşü olanda özünü dürt sən də. Gördün ki, heç kim sənə əhəmiyyət vermir, ağzına gələni yaz getsin. Düzdü, əvvəlcə elə biləcəksən ki, dəli olmusan, öz-özünə danışırsan. Ancaq başqa yol da qalmır. Allahdan bir az yaraşığın varsa, tanıdıqca bəzi qızlar özü yazacaq sənə. Bir də ki, ictimai həyatın varsa, söyüş yazan qızlardan uzaq ol. Ola bilər ki, ağız-ağıza verib söyüşməli olarsan. Əgər "qaqa, bu saytda qız tutmağ olur?" sualı beynində yarandısa, yəqin ki, olur. Sadəcə, işin sirrini mən bilmirəm.

Sonda

Yarımbaşlıqlarda yazdıqlarımı uzunmüddətli müşahidələrim nəticəsində bu qənaətə gəlib yazmışam. Ancaq siz çalışın özünüz olun. Tvitterdə özü kimi olan, başqası kimi görünmək istəməyən nə qədər insan var.

Məcid Həsənli

4 şərh

Maraqlı yazıdır, çox sağ olun. Yumor hissi əla ötütrülüb, təşəkkür edirəm.

Reply

Diqqətinizə görə minnətdaram.

Reply

Xalq olaraq yazıb-oxumaq vərdişlərimiz olub (ən azından müasir dövrə yaxın Sovet Azərbaycanını misal gətirmək olar).
Yazıda Tvitterin Azərbaycanlı istifadəçilərinin çoxunu görürəm. Bəlkə də, onlar bu strategiyaları əsas götürürlər. Populyar istifadəçilərlə `uğur formulu`nu axtarmağa çalışıb bloqumda paylaşmaq fikrim var.

Reply

Sovet vaxtı haqda bildiyimiz yazıb-oxumaq vərdişi sadəcə məcburiyyətdən yaranıb və plan kimi qoyulub və digər respublikalarla müqayisədə aşağı olub.

Məncə, bizim tvitterdə heç kim uğur qazanmayıb hələ :)

Reply