Yeniekinci.az saytına müsahibə
"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ
Məcid Həsənli |
“Kişi öz qadınını tapanda tamamlanır”
"Virtual brifinq"in ilk qonağı jurnalist Məcid Həsənlidir.
-Məcid, nə var-nə yox? Deyəsən, yazıb eləmirsən.
-Salamatlıqdır hələ ki. İşimlə əlaqədar ədəbi fəaliyyətə vaxt və enerji ayıra bilmirəm. Ona görə də, yeni bir şey yazmaq çətinləşib. Bəzən həvəsim olanda köşə yazıları ilə "gözümün qurdu"nu öldürürəm.
-İndiyədək nə yazmısan?
-İndiyədək 10-a yaxın hekayə qələmə almışam. O hekayələrin bir neçəsini müsabiqələrə göndərmişəm. Hekayələrim "Ən yaxşı 20 hekayə"dən biri seçilib. Heyf ki, 1-ci yerə layiq görülmədim. Bəlkə də, yazdığım mətn elə "ən yaxşı" 20-liyə layiqdir. İstedadım bura qədər çatıb.
-Bəs, imzan niyə başqaları qədər tanınmadı? Səncə, səbəb nə idi?
-Məncə, oxucuların imzanı tanıması üçün əsas meyar davamlı fəaliyyətdir. İndiki zamanda televizoru kənara qoyub, təkcə interneti götürsək, insanlar güclü informasiya axınına məruz qalır. Bu halda, gərək yazar daimi nəsə ortaya qoysun. Bir neçə əsər yaradıb, aylarla gözdən uzaq düşən imza əlbəttə, tanınmaz. Tanınsa da, bir dövrdən sonra tez unudulub gedər. Maraqlısı budur ki, bəzən uğursuz şairlərin yığışdığı kafelərə yolum düşəndə, indi də sual verirlər ki, a bəy, təzə nə yazmısan? Yazmasam belə ədəbi mühitdəki dostlarım məndən yeni əsərlər gözləyir. Ona görə də, bəzən zarafatla özümü "keçmiş gənc yazar" titulu ilə təqdim edirəm.
-Özünü jurnalistikada görürsən?
-Peşəkar jurnalistikada yeniyəm deyə, imzam çox da tanınmır. Hələ öyrənirəm. İmzanı tanıtmaq üçün qalmaqal yaratmalısan, söyülməlisən, təhqir olunmalısan. Heç kimin xətrinə dəymədən yazırsansa, onda gec tanınacaqsan. Mənim də xasiyyətim belədir ki, qarşımdakı insanın xətrinə dəymərəm, amma özüm özümü incidərəm. Bu səbəbdən, özümü jurnalistikada görsəm də, müsbət mənada yaxşı görünmürəm. Gözdən düşməmək şərti ilə gözlərə soxulam gərək.
-Sən yaşıdlarından fərqli olaraq, bizdən əvvəlki nəsillə şəxsən tanış idin. Aqşin Yenisey, Seymur Baycan və s. Onların sənə təsiri olmadımı? Yazmağa həvəslənmədinmi? O imzalardan gündəmdə qalmağın yollarını da öyrənə bilərdin.
-Mən Aqşin Yenisey, Seymur Baycan və başqa müasir yazarları əvvəlcə adi oxucu gözü ilə tanıyırdım, daha sonra vəziyyət elə gətirdi ki, bu adamlarla şəxsən tanış oldum. Əlbəttə, evdə atamı hər gün görürdüm. Lakin, o yazıçıdan çox atamdır. Bir oxucunun maraqla oxuduğu hansısa müəlliflə şəxsən tanış olması isə onun üçün xoşbəxtlik kimi sayıla bilər. Mən onlarla dəfələrlə söhbətləşmişəm, çay içmişəm və sair. Çox şey öyrənmişəm, ancaq hər şey öyrənməklə deyil. İnsan fərd olaraq biri-birindən fərqlidir. Həm də kiminsə həyatını, fəaliyyətini yamsılamaqla, ya da özünü oxşatmaqla onun kimi ola bilmərsən. Mən Məcidəm, o Seymur. Həm də qismət məsələsidir bu. Seymurun, Aqşinin ya da o birisinin hərəkətini təkrarlamaqla gündəmdə qalmağa cəhd eləmirəm. Gündəmdə qalmaq üçün ən yaxşı yolları istedadlı Kəramət Böyükçöldən öyrənmək olardı, o da çox ağır yol seçib.
-Corc Qardon Bayron fahişələri çıxmaq şərtilə 250 "ev qızı" ilə yatıb. Sənin qadınlarla münasibətin necədir?
-Fikrimcə, kişi bütün duyğularını sevdiyi qadına həsr etməlidir. Bayrona gəldikdə isə hər kəsin istər həyata, istərsə də, qadına fərqli yanaşma tərzi var. Necə ki, həm fahişə, həm də əxlaqlı qadınlar var. Ola bilsin, Bayron tipli kişilər nəinki 250, daha çox qadınla münasibət qursa da, axtardığını tapa bilmir. İnsanın təbii ehtiyacını qarşılaması normal haldır, lakin, qadına yalnız seksual obyekt olaraq yanaşmaq düzgün deyil. Kişi öz qadınını tapanda tamamlanır. Sevgilisi də, dostu da, bir sözlə, ən yaxın adamı da O olur.
-Məcid, içində yazmaq eşqi qalıbmı? Nəsə gözlənilirmi? Yoxsa hesab edirsən ki, yazdığını yazmısan? Yaxud da ədəbiyyat sənin üçün artıq öz mənasını itirib?
- Yağışdan sonra çıxan şairləri görəndə bəzən düşünürsən ki, ədəbiyyat mənasını itirib. Amma oları da qınamaq olmaz, cinayət eləmirlər ki, “şeir” yazıb başlarını qatırlar.
Beynimdə yazılası çox şey var. Sadəcə, uyğun vaxtda zamanın tələbi ilə onları qələmə alacağam. İçimdə yazmaq eşqi ölməyib, məncə, heç vaxt da ölməyəcək. Yaradıcı insan daxilindəki bu hissi boğa bilmir. Yaratmaq onu yaşadır. Rəssamlığın varsa, dayana bilmirsən, heç olmasa, cızma-qara eliyirsən ki, içini boşaldasan. Yazı adamı da elədi. Hətta, indiki zamanda obyektiv və subyektiv səbəblərdən yaza bilmirsə də, müəyyən vaxtlarda nəsə qaralayır. Bu, mütləqdir. Mən inanıram ki, bir gün roman da yazacağam. Hələ mövcud şərait, həyat təcrübəm, biliklərim, bacarığım buna imkan vermir, amma gələcəkdə mən bunu edə biləcəyimi düşünürəm. Doğrudur, bizim ölkədə oxucular yazıçının yazmaq istəyini öldürür, buna baxmayaraq, yazmaq lazımdır. Sənin yazdığın bəşəriyyətə lazımdırsa, bir Maks Brod zühur edəcək.
-Özünü inkişaf etdirirsənmi bu istiqamətdə? Oxuyursanmı? Sənin hekayələrində daha çox irad dillən bağlı olurdu. Azərbaycan ədəbiyyatını, deyəsən, yaxşı oxumamısan. Seymur Baycan Əkrəm Əylislini oxumadığına görə irad bildirmişdi.
-İnsan daim öz üzərində işləməlidir. Bu, təkcə ədəbiyyat anlamında deyil, bütün mənalarda belə olmalıdır. Yazıçı olmağa iddia edən kəsin ümumi intellekt səviyyəsi digərlərindən az da olsa, üstün olmalıdır, yoxsa intellektual oxucu oxuyub lağa qoyacaq. Mən də o cəhətdən adi məqalə yazanda belə bilmədiyim yerdən yazmıram. Oxumaq lazımdır, həmişə oxumaq lazımdır. Azərbaycan ədəbiyyatından mütaliəmi pis saymaq olmaz, ancaq oxumadıqlarım da az deyil. Məsələn, sən dedin, yadıma düşdü, vaxtilə Seymur Baycan mənə irad tutmuşdu ki, niyə Əkrəm Əylisini oxumamışam? Düz deyib, gərək oxuyum.
-Atanı necə yazıçı hesab edirsən? Rövşən Yerfinin sənin yazmağında təsiri olub?
-Rövşən Yerfi mənim üçün yazıçıdan çox atadır. Yad adam olsaydı, bəlkə, ona meyarlarla yanaşardım. Atam yazıçı kimi də ədəbiyyatımızda bəzi ilklərə imza atıb. Ən azından bu baxımdan milli ədəbiyyat tariximizdə imzası var.
Onun mənim yazmağımda birbaşa olmasa da, dolayısıyla təsiri var. Kiçik yaşlarımda qəzet səhifələrində atamın adını, şəklini görüb mən də həvəsə gəlmişdim ki, nəsə yazım. Bir 12 vərəqli damalı dəftərə hekayəyə oxşar mətn yazıb doldurmuşdum, ancaq təkbətək söhbətlərimizdə mənə həmişə təvsiyə edir ki, ədəbiyyatdan uzaq dur, get, özünə normal iş-güc tap, başını saxla. Bunu o mənada deyir ki, kitabdan, ədəbiyyatdan maddi cəhətdən heç nə qazanmaq olmur, insan çətin vəziyyətdə yaşayır. Həqiqətən də, qazancları sırf yazı-pozudan gələnlərin hansı məhrumiyyətlərlə yaşadığını görürük. İdman eləyib, medal qazanmaq lazımdır.
-Müsahibəyə yaxşı başlıq de, söhbəti bağlayaq. Son sözün...
-Üç nəfər oturun, düşünün, bir hikmətli başlıq seçin. Mənə vaxt ayırdığınıza görə, hər birinizə təşəkkür edirəm.
Söhbətləşdi:
Ayxan Ayvaz, Sonuncu Orxan, Hikmət Orhun
https://yeniekinci.az/meqale.php?category=article&id=804
Post a Comment: