⬇️

31/08/2018

Məcid Həsənli
Məcid Həsənli
"Qarabağ" bu il də Avropada "at oyandacaq". Avropada "at oynatmaq" o demək deyil ki, Avropanın ən güclü komandası olacaq. Bu komandanın adı bütün azərbaycanlıların qəlbində ən güclü, çempion kimi möhürlənib.

"...Niyə bizim klubumuz camaatın xoşuna gəlmir"

Hər şeyə mıx qoşan bəzi adamlar bu qələbələrə kölgə salmaq üçün müxtəlif bəhanələr gətirir, sevincimizi bizə çox görürlər. Çətinliklər meydanında pul qovan azərbaycanlıya, "yaşıl meydan"da topla oynayan komandamıza baxıb sevinməyi də tənqid edirlər. Guya, qolu Şahin Diniyevin oğlu Coşqun vurmayıb, haitili Gerye vurub deyə qələbə bizim sayılmır? Bu gün ölkəmizdə idmana diqqət bu sahənin hər növünə sirayət edir. Futbola da kifayət qədər yaxşı baxılır. Amma milli komandamızın heç bir uğuru yoxdur, deməli məsələ təkcə pul deyil. Oynamağı, oynatmağı bacarmaq da lazımdır. Bu yerdə məşhur filmdən replika gəlsin: "Biz nə eləyə bilərik ki, Ağabala!"

Qurban Qurbanov

Çoxları elə bilir ki, "Qarabağ" klubu adına görə bu qədər çox sevilir. Əslində isə bizi ona aşiq edən müasir dövrün əfsanəsi Qurban Qurbanovdur. Klubun tarixinə nəzər saldıqda Qurbanovun gəlişi ilə necə yüksəklərə addım atıldığının şahidi oluruq. Heç vaxt özünü yekəxana aparmayan, sakit təbiətli, təmkinli, sadə insan kimi özünü tanıdan Q. Qurbanov xarakterinə uyğun sadə və sakit addımlarla pillə-pillə bu yerlərə gəlib çıxıb. Təcrübəli mütəxəssisin komandaya rəhbərlik etdiyi son dövrdə ardıcıl 5-ci dəfədir ki, Avropaya "bilet alındı". Çox da qədim və zəngin olmayan Azərbaycan futbol tarixini vərəqləyəndə nə belə bir klub, nə də belə bir baş məşqçi görürük. Ona görə də rahatlıqla "Qarabağ"ı əfsanəvi klub, Qurban Qurbanovu isə əfsanəvi futbol mütəxəssisi adlandırmaq olar. Əlbəttə, futbol tariximizdə ilklərə imza atan klubları, şəxsləri də unutmaq olmaz. Sadəcə, heç kim Qurban Qurbanov və "Qarabağ" kimi nəticə göstərə bilməyib. Bəlkə gələcəkdə digər klublarımız daha böyük nəticələr əldə edə bilərlər. Lakin hələ ki, ölkə üzrə rekordlar günün qəhrəmanlarının əlindədir.

Zidan bunu bacarar?

Dünya şöhrətli Zinəddin Zidan "Real Madrid"ə baş məşqçi gəldi və 2 il müddətində ancaq qələbələrini sıraladı və sonra qalib kimi istefa verdi. Görəsən, Qurban Qurbanov da qalib kimi bir gün istefa verə bilərmi? Məncə, çətin məsələdir. İspaniya, Fransa kimi ölkələrlə müqayisədə bizim çempionata baxanda çox böyük uçurumla qarşı-qarşıya gəlirsən. Vaxtilə 18 komandanın mübarizə apardığı yarışda indi cəmi 8 klub qalıb və "Qarabağ" da həmin 8-dən biridir. Qurban Qurbanov bu cür zəif rəqabətin olduğu daxili çempionatda oynayan komandası ilə Avropanın çempionları ilə eyni müsabiqədə iştirak etməyə haqq qazandı. Fikrimcə, bu adam bütün titullara, qazandığı mükafatlara layiqdir. Təkcə statistika baxımından yox, həm də bu və başqa səbəblərə görə tarixə öz adını yazdıra bildi. Mənə elə gəlir ki, Zidan bunu bacarmaz.

Çempionlar Bakıda

Futbol həvəskarı olsam da, etiraf edim ki, stadiona əsasən jurnalist kimi getmişəm. Çox heyifslənirəm ki, niyə görə zaman ayırıb başqa vaxt maraqlı oyunlara canlı tamaşa edə bilməmişəm. Azarkeş kimi məni stadiona aparan da "Qarabağ" oldu. Keçən il Çempionlar Liqasının Bakıda keçirilən bütün oyunlarını Bakı Olimpiya Stadionunda izlədim. İllərdir xarici rejissorların gözü ilə baxdığımız möhtəşəm idman yarışını Ağdam klubu paytaxta gətirdi. Mən bu anları yaşadığım üçün özümü şanslı hesab edirəm. Bu tarixdə az rastlanacaq hadisələrdən biri idi və mən bunu qaçıra bilməzdim. Allah bilir, növbəti dəfə hansı Azərbaycan klubu Çempionlar Liqasına vəsiqə qazanacaq. Ola bilər, 10, ya da 100 ildən sonra… 

Sonda

"Qarabağ" Ağdam şəhərində yaranıb tanınsa da, sonradan məlum səbəblərdən komanda Bakıda qaçqın həyatı yaşayır. Oxuduqlarıma görə, bir müddət eyniadlı rayonun Quzanlı qəsəbəsində ev oyunlarını keçirirmiş. Sonradan paytaxta köçüblər. Bununla da "Qarabağ"da Ağdamın sadəcə quru adı qalıb. Komanda ilin yarısını Avropada keçirir, yarısını da Ağdamsız Azərbaycanda. Ona görə də, hazırda "Qarabağ"a Ağdam klubu ifadəsindən çox, "xalqın komandası" ləqəbi daha gözəl yaraşır.

Məcid Həsənli



Post a Comment: