⬇️

10/11/2010

Hamının roman yazdığı bir vaxtda mən roman yazmaq istəmirəm. İstəmirəm də, əl çəkin. Mən “Balıqroman” yazmaq qərarına gəlmişəm. Bu romanda balıqların daxili və xarici dünyasından yazacağam. Romandakı divarlar isə bu dəfə daşdan, ətdən yox, pulcuqlardan olacaq. Qalan yerlərin isə hələ düşünməmişəm. Gərək bu işin ustası, sənətkarı, professionalı Əsəd Qaraqaplanla məsləhətləşim. Bu axmaq fikir – “Balıqroman”ı yazmaq da hardan ağlıma gəlsə yaxşıdı? İcazənizlə, danışım.

Bir gün Ayxanla küçə ilə yuxarı ya da aşağı (yadımda deyil) gedirdik. Hə, birdən kimsə Ayxanı tanımaz e... Köhnə, əski Kiçikbəydi. Yenə tanımadınızsa qısa arayış verim:
Ayxan Bakıda anadan olmayıb. Əlinə ilk dəfə daş düşəndən asfaltı dağıdır. İlk vaxtlar gic-gic şəkillər çəkirmiş. Sonralar daha çəkməyib. Müasir zamanda rəsmi olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qeyri-rəsmi AYO-nun. Daha salam vermədiyi, üzv olmadığı təşkilat qalmayıb. Eşitmişəm yaxında Tanzaniyanın Yazıçılar Birliyinə və onların AYO-suna üzv olacaq. Əslən Borçalıdandır. Deyir, Borçalıda torpaqsız adam qalmayıb. Hamını dövlət torpaq sahəsi ilə təmin edib. Məscidlər təmir olunur, yeni məktəblər tikilir. Ayxan bu səbəblərdən dolayı gürcüləri çox sevir.

Hə, az qala söhbəti yaddan çıxaracaqdım.

Bir gün Ayxanı, Ayaz Bəyturanı, Orxan Zamanı, Əsəd Qaraqaplanı vaxt, yer təyin edib görüşə çağırmışdım. Onlara deyəsi sözüm yox idi. Ayxanla mən görüş yerinə birlikdə gedirdik. Yol boyu elə nə isə haqqında düşünürdüm. Əlimdə büküb tutduğum dəftər var idi. Dəftərin üstündə çoxlu-çoxlu balıqlar təsvir olunmuşdu. Ayxanın hardan ağlına gəldisə soruşdu ki, o nədi əlində? Sonra gülərək soruşdu: “Halroman”dı? Mən elə bil qəflət yuxusundan ayıldım. Dəftərin içini Ayxana göstərmək üçün açanda, bir anın içində ağlıma “Balıqroman” gəldi. Əla. Tapdım, deyəsən. Əsl roman buna deyərlər. Sən bir ada bax: “Balıqroman”.

...Müasir eskalator, park... Sürüşkən daşlar... Köhnə ayaqqabılar... Saat beş... Biz fontanın yanında dayanıb gözlədik. Uzaqdan gələn işıltı gözlərimi qamaşdırdı. Oo... Şerimizin adminstratoru Orxan Zaman gəlir. Parkın cənub bölgəsindən bir qaraltı hücuma keçmişdi. Yaxınlaşanda Ayxan, deyəsən, qorxdu. Budur, Əsəd Qaraqaplan. Bircə, Ayaz gəlib çıxmırdı.

Əsəd “dünənki hücumda biləsiz nə qədər adam yaralanıb?” dedi. Bir ağızdan “yox” dedik. Əsəd dedi ki, al bax “Armud”a, burda AYO-çulardan birinin müsahibəsi var. Mənə bir anda onu oxumaq həvəsi gəldi. Müsahibəni ürəyimdə oxuyurdum:

“N.H.: Sizin qurum hansı ağılla bu qərarı verdi?

AYO-çu.: Bizim təşkilat deyirsiniz, qurum deyirsiniz axırı AYO çox müqəddəsdi. Eşitdik ki, GƏM-in (Gənc Ədiblər Məktəbi) iclasında bizə söz atıblar. Ona görə də belə oldu.

N.H.: Kim?

A.: Nə kim? Nə bilim Rəşad Məciddi, Məcid Həsənlidi nədi o.

N.H.: Bəs niyə bəzi AYO-çular “müqəddəs yürüş”də iştirak etmədi?

A.: Həmid bəy Təbrizdədi, xəbəri yoxdu. Biz iclas çağıran saatda Aqşinə zəng elədim, dedi ki, birazdan gələrəm. Sonra özü zəng elədi ki, bəs Etimad tələbələr göndərib, dərs keçməliyəm onlara, gələ bilməyəcəm. Ayxan da ki, dedi Əhmədlidəyəm, işim var.

N.H.: Bəyəm Ayxan da AYO-çu oldu?

A.: AYO-çu olunmur, doğulur.

N.H.: Ola bilərmi ki, siz tırkaya gedmisiz? Misalçün, Elçin Əlibəylinin.

A.: Hə, ola bilər. Daha keçdi.

N.H.: Son sözünüz.

A.: Biz Anara qalib gəldik. Bir gün hər kəs AYO-çu olacaq”.

Müsahibəni bitirdim. Bir azdan Ayaz da gəldi. Xoş, beş, on beş... Salamlaşdıq, öpüşdük (pis anlamayın), görüşdük. Gəldik əsas məsələyə. Hamı soruşmağa başladı ki, ayə nolub dana, de biz də bilək niyə çağermisən bizi? “Ağzınızı tutun, parkı murdarlamayın. Mən roman yazıram.” dedim. Qaraqaplan ilk xeyir-duasını verdi. Ayxan sallaya-sallaya soruşdu ki, bəs adı nədi? Mən çox düşünmədim və cavabladım: “Kitabın üstündə yazılacaq: “Məcid Həsənli. Balıqroman”. Və başladım əsərimin nədən bəhs etdiyi anlatmağa. Dedim ki, “Balıqroman”da sualtı dünya haqda fikirlər, düşüncələr, ən əsası da balıqların keçirdiyi HAL-lar olacaq. Misal olaraq, balıq tora düşməmiş nə HAL-dadır, düşəndə nə HAL-da olur. Əlbəttə, sonda tavada olur. Daha HAL olmur. Belə.

Gördüm hamı razıdı. İdeya bəyənilib. Hələ Ayxanla Orxan Zaman mənə məsləhət gördü ki, Günel Mövluda göndər, səni də “Almanax”a əlavə eləsin.

Amma mən bu təklifi rədd etdim. Bu “Balıqroman” hər yazılan əsərə bənzəməz ki, onu almanaxa verim.

Ən yaxşısı bir neçə ay sualtı dünyaya səyahət edib öz romanımı yazmaq üçün materiallar toplayım. Təbii, müəllif boğulub suda həlak olmasa... Onda balıqlar məndən roman yazarlar, adını da belə qoyarlar: “İnsanroman”.



P.S. Bu yazı dahi yazıçımız Əsəd Qaraqaplanın “Halroman” əsərinin yüksək təsiri altında hazırlanmışdır. Ustada təşəkkürlərimi çatdırıram.

Post a Comment: