⬇️

03/11/2010

Mənim həmişə kitab oxumaqdan xoşum gəlib və oxumuşam. Düzdür, qırxayağın ayaqlarının sayından çox oxumamışam, amma yenə də çalışıram daha çox oxuyum. Çünki kitab oxumayan və ya oxumağı bacarmayan insan qırğız yazıçılarından birinin (ondan xoşum gəlmir deyə adını çəkmirəm) əsərindəki kimi “manqurt”dur, ya da ona bənzər bir məxluq – Azərbaycan versiyasıdır.
Gör nə günə qalmışıq ki, Allahın gürcüləri ilə, erməniləri də bizdən çox kitab oxuyurlar. Bu məsələ ayrı söhbətin mövzusudur.
“Qanun” nəşriyyatının çap elədiyi “Ən yeni ədəbiyyat” seriyası adı altında cavan yazıçıların əsərlərinin kitab halında oxuculara çatdırılması özlüyündə böyük, təqdirəlayiq hadisədir. Bu ədəbiyyatımızın inkişafını, yaşarlığını sübut edən haldır. Bir oxucu kimi çap olunmuş əsərlərdən bir neçəsini oxumuşam. Əsərlərdə - misal üçün, Sevinc Pərvanənin “Şəhər” romanında - müsbət cəhətlərlə yanaşı, bəzi eyni xoşagəlməyən xüsusiyyətləri də özüm üçün aşkar etmişəm. Onlardan ikisini sizin diqqətinizə çatdırmaq istəyirəm.
Onlardan ikisini sizin diqqətinizə çatdırmaq istəyirəm.
Birincisi, lazım gəldi-gəlmədi kifayət qədər dilimiz tərəfindən qəbul edilməmiş Osmanlı türkcəsində kəlmələrin işlədilməsidir (Biz Azərbaycan türküyük). Hesab edirəm ki, yenilik naminə dilimizin leksiyasını bu qədər korlamağa dəyməz. Məncə, bunun əsas səbəbi əsəri yaradanın “yüksək savadını” sərgiləmək istəyindəndir. Yəqin ki, müəlliflər Türkiyə seriallarına həddindən artıq baxırlar.
Nə isə... Buna bir təhər dözmək olardı. Amma ikinci iradım olan tərbiyəsiz sözlərin, ifadələrin, fikirlərin yetərincə istifadə edilməsi dözülməzdir (heç olmasa müəllifin dilindən deyilməməlidir). Açıqlıq, hər şeyin öz adı ilə çağırılması lazımdır, gəl ki, yerində, dərəcəsində, həddini, həya xəttini keçməmək şərti ilə.
Bu əsərlərin əksəriyyətində isə insan mənəviyyatının, şüurunun ən ali, ən gözəl hisslərindən biri olan həya hissinə qarşı bir səlib yürüşü var. Həyasızlıq – sözün əsl mənasında tərənnüm edilir. Budurmu yenilik?! Olmazmı həmin tərbiyəsiz sözlər işlədilməsin və ya bir az həyalı yazılsın. Əgər həya hissi belə gərəksizsə, onda Adəmlə Həvva əncir yarpağından yararlanmazdılar. Ərəb atalar sözündə deyilmişkən:
“Həya olmasa, nə dünyanın faydası var, nə də yaşamağın”.
Bəlkə gənc yazarlar bu sözlərdən gen-bol istifadə etməklə özlərinə oxucunu cəlb etmək, oxucu qazanmaq istəyirlər? Hər halda belə ucuz vasitələrlə sənət yaratmaq olmaz. Hər dəfə belə əsərləri oxuyanda həmişə məni bir fikir düşündürür: indi gənc olan bu müəlliflərin bir müddətdən sonra gələcəkdə oğulları, qızları böyüyəcək və bir gün atasının və ya anasının yazdıqlarını oxumaq istəyəcəklər. Görəsən, o zaman bu müəlliflər övladları qarşısında belə həya hissini keçirəcəklərmi?...

doqquziklim.net

Post a Comment: