⬇️

18/10/2012

Universitetdə mühazirələrdə bəzən olur ki, hər hansı məsələ üzrə mübahisələr yaranır. Günlərin bir günü mövzu Çingiz Aytmatovun “Cəmilə” povesti idi. Gənc müəlliməmiz əsər barədə məlumat verəndə əlavə elədi ki, mən şəxsən Cəmilənin bu hərəkətini bəyənmirəm. Sonra ordan-burdan hərə bir söz dedi. Mübahisə qızışdı. Auditoriyada hərə öz fikrini demək üçün yarışırdı. Söhbət o yerə gəlib çıxdı ki, artıq mentalitet tərəfdarları ilə haqq-ədalət təəssübkeşləri qarşı-qarşıya qalmışdılar. Birdən arxadan M. adlı oğlan dedi ki, qadın azad olmalıdı. Elə bu sözü eşidən kimi bəzi uşaqlar az qaldı ki, qalxıb öldürsünlər onu deyəni. Hələ evli tələbə qızlardan biri oğlanlara dedi ki, siz istəyərdiniz həyat yoldaşınız AZAD olsun? Elə “qarğa bazarı” olmuşdu ki, cavab verən olmadı.

Görün Azərbaycanın bugünki müasir tələbəsinin “azad qadın” anlayışı necədir? Əsas da qızları deyirəm. Onlara elə gəlir ki, AZAD demək çox pis sözdür. Hələ lap “nervinni”si qabağınıza çıxsa, buna görə sizə zərbə endirə bilər. Belə düşüncəli qızlar, sabah gələcək nəsillərə analıq edəcəklər. Bəs, o nəsillərdən necə nəsil yaranacaq?


Azərbaycan insanı “Azad qadın” ifadəsini eşidəndə uzaqbaşı 1960-cı ildə Bakı şəhərində, Nizami metro-stansiyasının yaxınlığında ucaldılan  “Azad qadın” heykəlini xatırlayacaqlar. Bu abidə heykəltəraş F.Əbdürrəhmanovun, memar M.Hüseynovun əsəridir. Azərbaycan heykəltəraşlıq məktəbinin uğurlu nümunəsi sayıla bilər.

“Qətiyyətlə çadrasını atan qadın fiqurunun hündür, düzbucaqlı postament üzərində yerləşdirilmiş heykəli bu sənət əsərini daha dinamik, daha canlı göstərir. Əsərin bədii məzmununda xəlqilik, millilik ruhu nəzəri cəlb edir.”

AZAD qadın deyəndə hamının ağlına əgər qadın “mən azadam” deyirsə, düşünülür ki, bununla "mənə heç kim qarışa bilməz" və ya "istədiyimi edə bilərəm" demək istəyir. Ona görə belə alt düşüncə formalaşır  və ya qadın özünü azad (bir az da feminist) sayırsa, üstəgəl yaxşı iş həyatı varsa, onda istədiyini ala biləcək maddi imkana sahib olur. Nəticədə bığı burma kişilər qoşulub ağzı göyçək qadınlara danışırlar ki, heç mənim ərim (və ya mən) kişi ola-ola ala bilmirəm bu hardan alır ? Yüz faiz “saxlayanı” (sponsoru, himayədarı) var. Nəticədə də, yarandı “qadın əxlaqsızdı”. Özü də fikir vermisinizsə, yaxşı iş həyatı olan qadınlar artıq bir növ kişiyə ehtiyacım yoxdur deyə düşünürlər.”

Niyə AZAD insan deyəndə əl çalırlar, amma AZAD qadın deyəndə üsyan edirlər? Yoxsa qadın insan sayılmır bizim cəmiyyətdə?

Çağımızın ən qatmaqarışıq problemlərindən biri də "Azadlıq anlayışı" dır. İnsan yüz illərdir azadlığı axtarır, amma heç cürə istədiyi kimi bir azadlıq əldə edə bilmir.

Hal-hazırda nə qədər çox şeyə sahib olsaq, o qədər azad olacağımıza inanırıq. Nə qədər çox pul qazansaq, nə qədər çox sərbəst qalsaq, o qədər çox azad olacağımızı düşünürük.

Halbuki insan, başda özünə, ətrafına və olduğu cəmiyyətə qarşı məsuliyyətləri və vəzifələri vardır. Sərbəst və azad qaldığında bu məsuliyyətlərini və vəzifələrini nə dərəcədə yerinə gətirə bilər?

Azadlıq ilə xoşbəxtlik anlayışı bir olduqda, xoşbəxtlik heç cür tamamlanmır. Daha çox azadlıq, daha çox sərbəstlik, daha çox xoşbəxtlik istəyən adamların, daha çox "bədbəxt" olduğunu görürük.

Azadlığı, hər istədiyini etmə və daha çox şeyə sahib olma haqqı olaraq görənlər üçün bəzilərinin azadlığı, başqalarının köləliyi mənasını gətirir.

Son dövrlərdə "azadlıq” sözü hər kəsin marağını çəkir. Xüsusilə, qadınlar üçün çox daha cazibəli bir hal etdiyinə şahid oluruq. Hər şeydən əvvəl azadlıq, həm hüquq baxımından, həm də insanlıq baxımından bir "haqq"dır, ancaq bütün hüquqların da azadlıq olmadığını ifadə etməliyik.

Azadlıq adına qadınlara istiqamətli bir çox kampaniyalar təşkil edilir, ticarət, siyasi və daha bir çox sahələrdə müxtəlif təşviqlər edilir. Sonunda qadınlar, ictimai özlərini göstərməyə başladılar.

Gəlinən bu nöqtədə, qadın-kişi əlaqələri rəqabətə çatacaq vəziyyətə gəldi. Daha da irəli gedərək həm kişi, həm də həmcinsləri ilə bir rəqabətə girdilər.

Müasir dünya AZADLIQ şüarı üzərində quruldu. Şüara söykənən təbliğat; "qadın hüquqları," "azadlıq," "bərabərlik" və "modernizm" kimi anlayışlar, qadınlarımızın ağıllarını yaxşıca qarışdırdı. Bir tərəfdə öz mədəniyyətinə söykənən həyat tərzi, digər tərəfdə Qərbliləşmə müddəti içərisində ona təqdim edilən müasir həyat tərzi. Bu yerdə Azərbaycan qadını çaşıb qalır.

Müasir dünyanın şüara söykənən təbliğatları hər kəsin xoşuna gəlir, amma öz həyat tərzinə uyğun gəlmədiyi üçün istədiyi kimi yerinə yetirə bilmir. Digər tərəfdən öz mədəniyyətinə söykənən ənənələrdən də qopa bilmirlər.

Xülasə, bizim bəzi qadınlarımız, qərarsız kimi görünürlər. Nə Qərb qadınları kimi, nə də şərqli qadınlar kimi yaşaya bilirlər. Bu səbəblər bizim qadınlarımızın başını çox qarışdırıb.

Keçmişdə azadlıq adına edilən mübarizələrdən daha çoxu indi edilir. O qədər fəaliyyətlərə və acı əvəzlərə baxmayaraq, bu günə qədər heç kim istədiyi şəxsi azadlığı əldə edə bilməyib. Ağıl gücü insan üçün ən qiymətli bir xəzinədir. Bunu istifadə edən  ondan istifadə və saysız nemətlər əldə edə bilər.

Bundan ən yaxşı faydalan da qadındır. Çünki, qadın, beynini kişidən daha yaxşı istifadə edə bilər və ondan daha çox faydalana bilər.

Qadınların bir çoxu kişilərin fiziki gücləri səbəbi ilə şiddətə məruz qaldıqlarını söyləyirlər. Əslində qadın, beyin gücünü istifadə etsə, hər istədiyini əldə edə bilmə bacarığına sahibdir. Kişinin fiziki gücü var, amma "zəiflikləri" də var.

Arzu edirəm qadınlarımız daha çox oxuyub, maariflənib öz güclərini anlasınlar və azad olmağın dəyərini başa düşsünlər.

Post a Comment: