⬇️

21/11/2011

Brain-beyin

Bizim həmvətənlərimizdə belə bir xəstəlik var: Beyin çönməsi. Bunun yəqin ki, latınca elmi adı da var. Bəlkə də yoxdu. Fikrimi onunla əsaslandıra bilərəm ki, bu xəstəlik yalnız azərbaycanlılarda var. Məncə. Hələ dünya miqyasında yayılmayıb deyə elmi adı yoxdu. Bəlkə də.

Demək məlum xəstəlik bizimkilərdə axmaq xasiyyət əmələ gətirib. Nəbadə kiminsə beyni çönə də. Ağzın qoyur Allah yoluna. Özün buraxır. Bir sözlə bu xəstəlik elə bir zaddır ki, insan özünə cavabdeh olmur.

Amma Allah həmişə olduğu kimi, bu dəfə də burada xalqımızın dadına çatır. Beyni çönən insan istənilən hərəkəti edə bilər. Həmin o anda. Ancaq, hə ancaq Allah o insanın ağlın tamam almır şükürlər olsun.

Misalçün, milli adətə uyğun qeyrətli Azəri oğlu avtobusda, metroda basabasda mütləq qızlara yaxın yerdə durmalıdı, öz namusunu isə qorumalıdı necə var. Əsas özüdü axı. O birilər başqa kənddəndirlər.

Yadımdadır, yerli TV-lərimizdən biri xəbərlər proqramında gizli çəkilən, günün günorta vaxtı baxılmaması lazım kadrlar verəndə, heç bir Azəri oğlunun beyni çönmədi. Hansı ki, o lentləri anası da, bacısı da izlədi. Beyin bilir də burda çönməyin vaxtı deyil. Yoxsa beyin beyin ölümü keçirdə bilər.

Ən sevindirici hal isə, bu beyniçönənlər bəzən bəzi adamları evdə arvadın yanında söyüb batırır, kişi saymır. Amma lazım gələndə, ikiqat olurlar. O bir qarın çörək ki, var, adamın dilin içəri soxmaqla bərabər, beynin də qurudur. Çönə bilmir.

Həmvətənlərimin azərbaycanlı olmasıyla fəxr edirəm həqiqətən. Çünki həm vicdanlı, həm qeyrətli, həm sözü üzədeyən, həm də belə ağıllı adam olmaq hər insan cəmiyyətində mümkün deyil.

Post a Comment: