⬇️

10/02/2018


Bir neçə gün əvvəl internetdə bir şəklə rast gəldim. 1980-ci illərdə nəşr olunan hansısa jurnalın bir səhifəsinin skan olunmuş təsviri idi. Bakıda parkların birində indiki kitab yarmarkaları sayağı kitablar düzülüb və şəklin üstündə yazılıb: “Azərbaycan yazıçılarının əsərləri nə qədər çap olunursa-olsun, mağaza və kitabxanaların rəflərində qalmır”. Guya o vaxtlar çıxan kitabları hamı acgözlüklə alırmış. Əslində isə, həqiqət başqa cürdür. Həmin dövrdə yaşamış insanların sözlərinə görə, çap olunmuş kitablar heç də tez satılmırmış. Sadəcə olaraq, sovet hökuməti həmin kitabları alıb kitabxanalara paylayırmış və az bir hissə kitab mağazalarına yol tapırdı. Əlbəttə, istisnalar olub, amma əksərən hal-qəziyyə bu şəkildə baş verib.

Sovet zamanı və indi yazıçı, şair

Rusun dövründə yazıçının, şairin xüsusi hörməti var idi. Bu hörmətə həm də maddi imtiyazlar daxil idi. Dövlət yaradıcı şəxsə ev, bağ, avtomobil bağışlayır, kitabını nəşr edir, hətta, alır da. Təsəvvür edin ucqar dağ kəndlərində belə zəngin kitabxanalar mövcud olub. Yeni çıxan kitab da həmin ucqar yerlərə qədər gedib çıxırmış. Sistem belə idi: müəllif əsəri təqdim edir, əgər bəyənilsə, nəşr edilir, həm də müəllifə normal qonorar ödənilir. 

Burdan bir şey aydın olur ki, bəzən bizim bütün sahələrdə "şanlı" keçmişimizdən danışan ağsaqqalların sözü reallığı əks etdirmir. Yəni, heç o vaxt da ölkədə böyük sayda kitab oxucusu olmayıb. Bunu qəbul eləmək istəməsək də, bizim xalq kitab oxumur. Oxumaq istəmir.

Dövlət məcburi kitab oxutdursun?

Dövlət heç bir gözəl vətəndaşa zorla kitab oxutdura bilməz. Bunu bəlkə Molla Nəsrəddinin üsulu ilə etmək olardı, o da çətin məsələdi. Bu formada təsvir edirəm: müəyyən kitab nəşr olunur və kitabı oxuyub imtahan verirsən, əgər imtahandan məqbul nəticə toplasan, hədiyyə qazanırsan. Bəli, yurdumun insanı bu halda kitabı karandaşla oxuyar lap. Heç demək olmaz da ki, dövlət kitaba pul ayırmır. Allah var adamın başının üstündə, büdcədən pul ayrılır axı. Razıyam, idmana olan qayğı kitaba yoxdur, amma az da olsa, nəsə var. Məsələn, faktiki ölkədə Yazıçılar Nazirliyi funksiyasını həyata keçirən Azərbaycan Yazıçılar Birliyi (AYB) üçün müəyyən qədər vəsait ayrılır. Şəffaflıq yoxdur deyə, dəqiq deyə bilməyəcəyəm bu pullar hara gedir. Ancaq deyilir ki, filan şeyləri nəşr edirik, filan zadlara maliyyə ayırırıq. Hətta, bununla yetinməyən "nazirlik", 1-ci mərtəbəsini "26-lar" kafesinə icarəyə vermişdi. Sağ olsun, Hacıbala müəllim. Xalq düşməni Şaumyanı yada salan kafeyə basqın edib bağlatdırdı. 

AYB üçün "Dünya ədəbiyyatı" nümunəsi

AYB-nin dövlətin ayırdığı pullarla az tirajla buraxdığı ədəbi jurnallar var. Bundan əlavə, hər il müəyyən sayda gənc, qoca yazıçı və şairlərə 200-300 manat təqaüd verilir. Bu işdə həm də Mədəniyyət və Turizm Nazirliyi də dəstək verir. Lakin təqaüd siyahılarının necə, hansı keyfiyyətlərə görə təyin olunması aysız gecə kimi qaranlıqdır. 2009-cu ildə ölkə prezidentinin sərəncamı ilə 150 cildlik "Dünya ədəbiyyatı seriyası" nəşr olunmağa başladı. Hər cilddən 7 min ədəd kitabxanalar üçün, min ədəd isə satış üçün ayrıldı. 7 min tirajın pulunu dövlət hamının yerinə ödəyir. Yuxarıda yazdığım məsələ müstəqillik dövründə də mümkün imiş. Bəs, niyə AYB ildə 150 yox, 15 də deyil, heç olmasa, 5 dənə kitabı bu formata nəşr etmir? Yazıçıya təqaüd verməkdənsə, onun seçilmiş əsərini bu yolla yayımlamaq daha faydalı olardı. Onsuz da, ölkəmizdə çox şey süni hərəkət edir. Heç olmasa, seçsinlər öz dost-tanışlarının kitablarını nəşr etsinlər, sonra da dövlətin pulu ilə alıb kitabxanalara paylanılsın, qonorarı da müəllifə ödənilsin. 

Yoxsa ki, orta statistik azərbaycanlı nə kitab alır, nə də almaq həvəsindədi. Keçmişdən mütaliə etməyi sevməyən, zorla, siyahı ilə kitab oxuyan xalq indi elə vəziyyətdədir ki, səhər oyanan andan güzəran düşünür. 

Televiziya, internet bəhanələri də səbəb ola bilməz. Eləyə qalsa, ABŞ-da, Avropada bizdən daha maraqlı televiziyalar, daha sürətli internet var, həm də bol informasiya ilə. Ancaq onlar bizdən daha çox mütaliə edir. Mənfur qonşumuzla, Gürcüstan da kitab oxuma üzrə reytinqlərdə bizdən ön sıralarda yer tutub.

Məcid Həsənli

Post a Comment: