⬇️

21/02/2018

Müsahibə
2011-ci ildə kultaz.com saytında dərc olunan müsahibəmi arxivdən tapıb sizə təqdim edirəm. Təəssüf ki, saytın bazası internetdən tamamilə silinib.

MƏCİD HƏSƏNLİ: “MƏN AYB-DƏ ƏDƏBİYYAT YOLÇULUĞU ETMƏK İSTƏMƏRƏM”

Tarix: 21 Fevral, 2011


Müsahibim ədəbi mühitdə çox az tanınır. Bir-iki yazısı ədəbiyyat portallarında çap olunub. Özü mənim qrup yoldaşımdı. İkimiz də Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsində oxuyuruq. Yazılarındakı çılğınlığa görə onu AYO-çu zənn etmək olar. Ancaq tələsməyin. Düzdü, AYO-ya üzv olmaq fikri var, amma hələ ki, ortada heç nə yoxdur. Cavablarından da məlumdur ki, müsahibim maraqlı adamdır. Nə isə, gənc yazar Məcid Həsənli ilə müsahibəni sizlərə təqdim edirəm.

- Məcid, klassik bir sual: Necə oldu ki, bir də gördün yazırsan?
- Mən axmaq suallara cavab vermirəm.

- Yaxşı, onda qeyri-axmaq bir sual: Məcid üçün ədəbiyyat nədir?
- Ədəbiyyat - hər hansı bir xalqın öz milli-mənəvi dəyərlərini, mədəniyyətini, tarixini dünyaya tanıdacaq vasitədir. Amma bu o demək deyil ki, ədəbiyyat yalnız bir regionu əhatə etməlidir. Bəşəriyyət üçün yazmaq lazımdır. Ancaq bəşəriyyətə öz dəyərlərini tanıtmaq lazımdır. Yoxsa ki, baş qəhrəmanı Sem, Con olan əsərdən nə gözləyəsən? Əsas özünün olan nə varsa, onları tanıtmaq lazımdır.

- Səncə, indiki çağdaş ədəbiyyat dediyin "kriteriya"lara uyurmu?
- Yox, məncə. Bəziləri elə Sovetdən qalıb. O vaxt necə öyrəniblərsə, indiyədək bildiklərini tətbiq eləməyə çalışırlar. Özlərini xüsusi bir ədəbiyyat təbəqəsi sayırlar. Hətta, uşaqları yığıb alt təbəqə də yaradıblar. Onların da beyninə yeridiblər ki, siz yüz il keçə bizdən aşağı qalacaqsınız. Bunlardan əlavə yazanlar da var ki, onlara da dövlət əhəmiyyət vermir ki, vermir.

- Məcid, gəl konkret danışaq. Kimlərin adını çəkə bilərsən ki, bu gün həqiqətən gözlədiyin o "bəşəri inqilabı" gələcəkdə reallaşdıracaq?
- Təəssüf ki, hələ ki, mən elə adamlar görmürəm. Ola bilsin var. Yəqin sonra görünəcəklər.

- Hal-hazırda gənclərdən oxuduğun və bəyəndiyin imzalar varmı?
- Hamını oxuya bilmirəm. Ona görə də istedad söhbəti edən deyiləm ki, kim kimdən istedadlıdır. Gənclər deyəndə sən hansı illərdə gələnləri deyirsən? "Əxlaqsızları"mı? (gülür)

- Burda sualları mən verirəm. Ümumiyyətlə, gəncləri nəzərdə tutdum. "Əxlaqsızlar" deyəndə kimləri nəzərdə tutursan? (gülürük)
- Məşhur məruzədə deyildiyi kim, 2000-dən 2005-dək olanları. Əsasən ədəbiyyatımızda kiçik də olsa inqilab edənləri.

- Qismətin məruzəsini nəzərdə tutursan. Bu məruzə çoxlarının narazılığına səbəb oldu. Elə sənin özün də "Qismətimizə yazılanlar" adlı yazı yazdın. Qismətin çıxışında hansı çatışmamazlıqlar var idi ki, ondan bu qədər yazılar yazıldı?
- Qismət istedadlı və intellektual şairdir. Amma bu məruzədə dediklərimin heç birinin Qismətə köməyi olmadı. Qismət öz məruzəsini Anar müəllimin istəyinə uyğun yazdı. Mənim indi sadalamağıma ehtiyac yoxdur yenidən. Hər şey göz qabağındadır. Bircə onu demək kifayətdir ki, Qismət öz qrup yoldaşı Əsəd Qaraqaplanın romanlarından xəbərsiz olub. Guya da. Yəni, məruzəsindən belə nəticəyə gəlmək olar.

- Məcid, məqalələr yazırsan. Bu tez tanınmaq, populyarlaşmaq üçündür, yoxsa sən ümumiyyətlə bu yolun yolçususan?
- Mən ədəbiyyat insanı olmaq istəyərəm, amma ədəbiyyat yolçusu yox. Niyə? Çünki AYB-də ədəbiyyat yolçuluğu etmək istəmərəm. Ondansa tikintidə işləyərəm. Əsas odur ki, insan şəxsiyyətini qoruya bilsin.

- Deyəsən, AYB ilə AYO münasibəti yaralı yerindir. Səncə, ədəbiyyatın təşkilatlanmağa, hansısa qrup yazıçılara və şairlərə bölünməsinə ehtiyac varmı?
- Məncə, yox. Amma ziyanı da yoxdur. Ya AYB, ya da AYO üzvü ol. Nə fərqi var? Əsas odur ki, nəsə yarada biləsən.

- AYO-ya üzv olacağını eşitdim. Bu barədə məlumat verərdin.
- Mən bayaq da dedim, mənim üçün heç bir fərqi yoxdur. AYB və ya AYO - hər ikisi çox gözəl səslənir. Amma söhbət proseslərdən, yaltaqlıqlardan gedəndə, insan istər-istəməz AYB-dən uzaq durmağa çalışır.

- İndi MKM (Milli Kitab Mükafatı) deyə bir müsabiqə keçirilir. Ədəbi prosesi izləyən biri kimi bu mükafata münasibətini bilmək maraqlı olardı.
- Çox gözəl. Belə layihələrin keçirilməsi müsbət haldır. Pis, yaxşı əsas odur ki, ortada nəsə var. Plagiat da, lazımsız da, dəxlisiz də olsa nələrinsə yaranmasını və ya güclə yaradılmasını yalnız alqışlamaq lazımdır.

- Məcid, son zamanlar yaradıcılığında (belə demək mümkünsə) yeniliklər varmı?
- Bəzi yazılar üzərində işləyirəm. Söz vermişəm axı, roman, “Halroman” yazan deyiləm. (gülür).

- Bəs Nobeli Azərbaycana gətirmək haqqında söz verməmisən ki?
- Xeyr. Eşitdiyimə görə bu vəzifəni kiminsə boynuna qoyublar. (Söhbət Elxan Qaraqandan gedir. – A.) Mən bir şeyi bacarmamış əvvəlcədən danışmağı xoşlamıram.

- Məcid, müsahibəyə görə çox sağol.
- Dəyməz.

Söhbətləşdi:

AYXAN

Post a Comment: