⬇️

01/02/2018


Tanınmış adamlardan kiminsə sözüdür, amma təəssüf ki, müəllifi unutmuşam. Deyir ki, bütün azadlıqların başında iqtisadi azadlıq gəlir. Əgər insan iqtisadi cəhətdən azad deyilsə, başqa azadlıqlarını da itirmiş olur.

İqtisadi azadlıq kimə lazımdır?

Mənə, sənə, ona, hamıya lazımdır. El arasında bu, çox yaxşı qavranılır. Həm də beyinlərdə bunu anlayacaq çöplər mövcuddur. Məsələn, yəqin ki, siz də maaş alanda və ya cibinizdə sizə aid olmasa belə bir az çox pul olanda, özünüzü rahat hiss edirsiniz. Bu, pul düşkünlüyü deyil. Sadəcə, insan beyninə vuran rahatlıq siqnalıdır. Pulla bağlı mənalı- mənasız o qədər sözlər, aforizmlər deyilib ki, onları iqtisadi azadlıq hissi ilə qarışdırmayın.

Bəs bu azadlığın mentalitetlə əlaqəsi nədir?

Müasir dünyaya nəzər yetirsək görərik ki, mentalitet mövzusu əsasən 3-cü dünya ölkələrində aktualdır. O ölkələrdə ki, əhalinin güzəranı yaxşı deyil, "hörmət" baş alıb gedir. Beləliklə, toplumda insanlar qohumluq əlaqələrini "kökləyirlər". Kiçik misal çəkim. Məsələn, Əhməd kişinin qızı Çəməngül zurnaçıya ərə getmək istəyir. Amma Əhməd kişi bu izdivaca razı deyil. Çəməngül də tərbiyəli, namuslu qız olub atasının sözündən çıxmır. Ancaq burada başqa səbəb var. O, birdən atasının sözündən çıxsa, atası onu döyüb, evdən qova bilər. Evdən qovulsa, qızcığaz küçədə tək-tənha qalar, "canavarlar" onu yeyər və son nəticədə adına söz çıxar. Lakin iqtisadi azadlıq olan yerdə Çəməngül "mental zindan"da olmazdı. O, istədiyi qərarı müstəqil şəkildə verib, ürəyi göstərdiyi yolla zurnaçıya tərəf gedərdi. Lap bu münasibət alınmasa da, yenə də camaatın rəyinə fikir verməyib, öz həyatını yaşayardı.

İqtisadi azadlıq olan yerdə qız, qadın əşya deyil, onlara insan kimi hörmət edilir. Əgər yoxdursa, həmin ölkədə, cəmiyyətdə güclü mentalitet basqısı olur. Əsas söz sahibi qoluzorlu kişilər sayılır. Qadın da özünü kişinin canlı əşyası hesab edir. Söz də düşəndə sual olunur: “Sən qızını nağaraçıya verərsən?” Ya da: “Sən bacını səhnəyə çıxararsan?” Və bu kimi başqa qadının əşya sayıldığı suallar…

Normal ölkədə yaşasaq, iqtisadi cəhətdən azad olsaq, qadınlar kişilərin danışan “kukla”sı kimi görülməz və belə suallar da heç ağla gəlməz. Yəni ki, qadın satılan əmtəə deyil ki, kiməsə satasan. Sadəcə, valideyn kimi fikrini soruşsalar, bu məsələyə münasibət bildirə bilərsən. Ya da qadını zorla səhnəyə çıxarasan. Özü istəsə çıxar, istəməsə yox.

İqtisadi azadlıq necə əldə oluna bilər?

Bunun üçün ölkədə ağıllı-başlı məmurlar, nazirlər, deputatlar, hakimiyyət orqanları olmalıdır. Onlar bunu bacarmasalar, bu işi bacaranları vəzifəyə gətirmək lazımdır. Gülməli oldu…

İqtisadi azadlıq özü ilə bərabərində başqa hüquqlarımızı da tələb edir. Ədalətli məhkəmə, mülkiyyət hüququ və sair.

Yuxarıda danışdığım hekayənin süjet xətti üçün bu lazımdır. Birdən Əhməd kişi Çəməngülü döysə, rüşvət qəbul etməyən məhkəmə ona cəza kəsəcək. Polis idarəsində Çəməngülə sataşan polis serjantı da işdən qovulacaq. Çünki işə girəndə rüşvət verməmişdi.

İnsanlar nə qədər kasıb, hüquqsuz olsalar, o qədər biri-birindən asılı vəziyyətdə olub, bütün azadlıq və müstəqilliklərini itirəcəklər. Həm hüquqi, həm də mənəvi cəhətdən.

Məcid Həsənli

http://cebhe.info/iqtisadi-azadliq-ve-mental-zindan-87940

Post a Comment: